“Soyuqdəymə və qripin əsas fərqləri!

Soyuqdəymə və qripin əsas fərqləri!

Burnumuz axsa və udqunduqda azca boğazımız ağrısa, dərhal qrip olduğumuzu düşünürük. Bəs həqiqətən hər dəfə epidemiyaya səbəb olub, yüzlərlə insanın həyatına son verən qripləmi mübarizə aparırıq?

Soyuqdəymə:

1. Burun, boğaz, sinuslar və üst hava yollarının infeksiyasıdır.
2. Havada asılı duran virusların tənəffüs edilməsi və ya bu virusları daşıyan şəxslərin istifadə etdiyi dəsmal, telefon kimi əşyaların ortaq istifadə edilməsi ilə keçir.
3. 6 yaşdan kiçik uşaqlar, siqaret çəkənlər, xroniki xəstəliyi olanlar və kollektiv mühitlərdə olanlar daha çox risk altındadırlar.
4. Virusu daşıyanlar soyuqdəymə əlamətləri başlamazdan əvvəl və əlamətlər itənə qədər yoluxdurmağa davam edirlər.
5. Xəstəlik dövründə bol su içmək, istirahət etmək və sağlam qidalanmaq mütləqdir.

Qrip:

1. Soyuqdəyməyə nisbətdə daha sürətlə inkişaf edir.
2. Əlamətləri soyuqdəyməyə oxşasa da, temperatur 38-40 dərəcələrə qalxa bilər.
3. Əzələ ağrıları, tərləmə, həddən artıq halsızlıq, quru öskürək və bəzən bəlğəm ola bilər.
4. 65 yaşdan yuxarı olanlar, astma, böyrək və ya qaraciyər xəstəliyi olanlar, şəkər xəstələri və immun sistemi zəif insanlar qripə yoluxduqda diqqətli olmalıdırlar.
5. Qripin ağırlaşması nəticəsində pnevmoniya (sətəlcəm) və bronxit əmələ gələ bilər.

Necə müalicə ola bilərik?

Soyuqdəyməyə və qripə viruslar səbəb olur. Antibiotiklər isə bakteriyalar üzərində təsir edir, yəni soyuqdəymə və qripə səbəb olan viruslar qarşısında işə yaramır. Ancaq virus infeksiyasından əlavə bakteriya da yoluxarsa, həkiminiz sizə antibiotik tövsiyə edə bilər.

Necə qorunaq?

Əvvəla, xəstələnmiş şəxs ətrafındakı insanlara qarşı həssas yanaşmalı, başqalarına yoluxdura biləcəyini bilməli və diqqətli olmalıdır. Viruslar ən çox əl və tənəffüs yollarıyla orqanizmə daxil olurlar. Əlləri gün ərzində tez-tez yumaq vacibdir. Qeyd edək ki, virusun orqanizmə daxil olma “qapıları” ağız, burun və gözlərdir.

Sink və vitamin C kimi bəzi vitamin və minerallar immunitet sistemini gücləndirir. Buna görə də sağlam qidalanmaq xəstəliklərlə mübarizədə olduqca əhəmiyyətlidir. Müxtəlif səbəblərə görə sağlam qidalana bilmirsinizsə, əlavə vitamin və mineral qəbul edə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!