“Evlilik qərarı almadan öncə nələrə diqqət etməli?

Evlilik qərarı almadan öncə nələrə diqqət etməli?

Evlənəcəyimiz insanı seçmək həyatımızdakı ən önəmli qərarlardan biridir. Sevdiyiniz insanla evlilik qərarı almadan öncə nələrə diqqət etməli olduğunuzu bu yazımızda sizlər üçün yazdıq. Xarici ölkələrdə bir çox cütlük evlənmədən öncə psixoloji terapiyaya gedir.

Bəs evlənmədən öncə nələrə diqqət etməli?

Bu sualın konkret bir cavabı yoxdur. Ancaq bununla bağlı tək bir şeyi demək mümkündür. Əgər onu dəyişdirmək kimi bir ümidiniz varsa, münasibətinizin başı bəlada ola bilər. Evlənmək üzrə olduğunuz insan təbii ki dəyişəcək. Fiziki və mənəvi olaraq hər birimiz dəyişirik. Yaxşıya və pisə doğru. Ancaq bu dəyişiklik sizin planlaşdırdığınız kimi olmaya bilər. Yəni əgər evlənmə arzusunda olduğunuz insan eyni zamanda sizin özünüzə bənzətmək istədiyiniz bir proyektinizdirsə, evlənməyin. Bu çox önəmli bir məsələdir. Onu mümkün qədər olduğu kimi qəbul edin və sevin. Nə qədər az dəyişdirməyi arzu etsəniz, o qədər doğru insanla birlikdəsiniz deməkdir.

Dəyişiklik arzusu qarşı tərəfin özündə yaranmadığı müddətcə o dəyişməyi qəbul etməyəcəkdir. Çünki insanlar daim qəbul edilmək və təsdiqlənmək istəyirlər. Üstəlik bunu ən çox münasibət yaşadıqları insandan gözləyirlər. Bu halda əgər qarşı tərəf onun dəyişməsini istəyirsə, sevilmədiyini və təqdir edilmədiyini düşünəcəkdir. Elə əsas problem də bundan qaynaqlanır. Bu halda 2 variant baş verir. Bəzi insanlar uyğunlaşmağa çalışarkən öz mənliklərindən əl çəkməli olur, digərləri isə əksinə tamamilə dəyişimə qarşı dirənmə göstərərək inkişafı rədd edir.

Evlənməyə uyğun olduğumuzu necə anlaya bilərik?

Bu sualı cavablandırmaq çətindir. Çünki həm bir-birindən fərqli evliliklər var, həm də insanların gözləntiləri fərqlidir. Problem də elə burdadır. Əvvəlcədən evlilik üçün uyğun olan iki insan bir zaman sonra bir-birinə uyğun olmaya bilər. Misal üçün ana kimi qayğıkeş qadın istəyən, yəni onu idarə etməsini istəyən insan bir müddət sonra “mən baxımlı qadın istəyirəm” deyə bilər və ya çox hərəkətli bir insanla həyatını daha yaxşı yaşayacağını düşünən qadın, bir müddət sonra həyat yoldaşının heç evdə tapılmamasından şikayətlənə bilər. Ümumiyyətlə evlənmə səbəbimiz həm də boşanma səbəbimiz ola bilir. Əslində zamanla gözləntilərimiz də dəyişir.

Evlilikdə hansı problemlər yaşanır?

Evlilik sosial bir kontraktdır əslində. Bu sadəcə fiziki olaraq birlikdə olma halı deyil. Ailələri ilə də evlənmə deməkdir. Sadəcə insanların bir-birinə uyğunluğuna deyil, eyni zamanda birlikdəliyin də cütlük tərəfindən necə qəbul olunduğuna baxmaq lazımdır.

Evləndikdə nələr dəyişir?

10 il sevgili olduqdan sonra evlənən cütlüklərdə belə böyük fərqlər ortaya çıxa bilir. Məsələn belə deyən cütlüklər də var: “Biz 5 ildir sevgiliyik, 3 ildir eyni evdə yaşayırıq, 6 ay öncə evləndik və hər şey korlandı” Çünki evlilik insanın öz daxilindəki kimliyini üzə çıxarır. “Sevgilim evlənmədən öncə anasına heç zəng vurmurdu, indi anasına çox önəm verməyə başladı” deyən insanlar da ola bilir. Evləndiyiniz zaman artıq başqa bir ailənin üzvü olursunuz və bu kök ailənizdən ayrılmaq anlamına gəlir. Bununla bağlı da ailəniz və xüsusən də ananız ilə münasibətiniz daha önəmli olmağa başlayır. Bu heç də pis şey olmamaqla birlikdə, həm də olduqca normal bir haldır. Qarşı tərəfin ailəsi ilə qurduğunuz münasibətləri idarə etmə qabiliyyətinə maliksinizsə, evliliyə hazırsınız deməkdir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!