“Ana südünü artırmağın yolları

Ana südünü artırmağın yolları

Ana südünün körpələr üçün nə qədər faydalı olduğunu, yəqin ki, bilməyən ana yoxdur. Lakin bəzi analar, xüsusilə də təcrübəsiz, ilk dəfə bu hissi yaşayanlar südlərinin az olacağı, körpələrinin doymayacağını düşünərək narahatçılıq keçirdirlər. Siz də bu analardansınızsa, bu yazımızı mütləq oxuyun. Biz sizə ana südünü artırmağın yolları haqqında dəyərli məlumatlar verəcəyik. Ana südünü yalnız onu artıran qidalar və içkilərlə artırmaq mümkün deyil, eyni zamanda dincəlmək, sakit olmaq, stress yaşamamaq, əsəbiləşməmək, nə qədər mümkün olmasa da yatmaq da lazımdır. Gəlin, ana südünü artırmağın yollarına nəzər salaq:

1. Tez- tez əmizdirmə

Doğuşdan sonra həmin anda süd gəlməyə bilər. Süd 1-3 gün ərzində gəlir və uşaq əmdikcə artır. Buna görə də körpəni mümkün qədər çox əmizdirmək lazımdır. İlk vaxtlarda tez-tez, müddəti az olmalıdır, çünki körpə yorulur, uzun müddət əmə bilmir. İlk vaxtlarda gündə 8-10 dəfə yedirtmək lazımdır. Həkimlər iki saatdan bir əmizdirməyi tövsiyə edirlər. Lakin uşaq böyüdükcə əmizdirmə sayı azalır, vaxtı isə çoxalır. Üçüncü aydan sonra 4-5, altıncı aydan sonra isə 3-4 dəfəyə enir əmizdirmə sayı.

2. Döşün əmizdirməyə yararlı (hazır) olması

Döşün ucunun çat olması, ağrıması və əmizdirmək üçün uyğun olmaması körpənin yaxşı əmə bilməməsinə və bu da öz növbəsində südün azalmasına səbəb olur. Çünki döşdəki süd boşalmalıdır ki, yenidən dolsun. Buna görə problem nədirsə, onu müalicə eləmək, ona bir çarə eləmək lazımdır.

3. Döşün tam boşalması

Südün artması üçün ən əsas faktorlardan biri də döşün tam boşalmasıdır. Buna görə də bir döş tam boşalana kimi uşağa verilməli və axırıncı dəfə hansı döşü əmibsə, bir sonrakı yedirtmə zamanı həmin döş verilməlidir. Bundan başqa əgər körpəniz döşü tam əmib boşalda bilmirsə, hər dəfə yedirtdikdən sonra süd sağan ilə südü sağıb boşaltmaq lazımdır.

4. Süd sağan cihazdan istifadə edin.

Süd sağan aparat düzgün istifadə olunduğu zaman südün artmasına kömək edir. Bəzən olur ki, xəstə olursunuz və bəzi dərmanlar qəbul etməyiniz lazım gəlir. Və yaxud da körpənin döşü qüvvətli şəkildə əmməyə gücü çatmaya bilər. Bu zaman süd sağan cihazdan istifadə etməlisiniz ki, süd yaranma prosesi davam eləsin.

5. Qidalanma

Süd verərkən qidalanmaya fikir vermək çox vacibdir. Siz nə qədər yaxşı yesəniz və südartıran qidalardan istifadə etsəniz, südünüz də bir o qədər bol və körpəniz üçün faydalı olacaqdır.

Gəlin, süd artıran qidaların hansılar olduğuna nəzər salaq:

Gün ərzində tərəvəz yeməkləri, bol salat və göyərti yemək lazımdır. İspanaq, qara kələm və şüyüd südü artırır.

Həmçinin, südün keyfiyyətini artırdığına görə noxud, lobya kimi paxlalı qidalardan da istifadə edə bilərsiniz. Lakin bu qidaların qaz yaratma ehtimalı var, buna görə də axşamdan isladaraq istifadə edin.  

Tərkibində zəngin yağlar olan çərəzlər də ana südünün miqdarını və keyfiyyətini artırmağa kömək edir. Bunlardan qoz, fındıq və badam daha məqsədə uyğundur. Gündə 2-3 dənə qoz və 10 dənə fındıq, ya da badam yeyə bilərsiniz.

Səhər yeməklərində yulafdan bolca istifadə edin. Bu, südün kanallarda hərəkətinə kömək edir.

Ana südünü artıran içkilər:

Ümumiyyətlə, maye qəbulunun çox olması südü artırır. Bunlardan ən əsası da sudur. Gündə ən az 2-3 litr su içmək lazımdır. Bundan əlavə, gündə təxminən 1 litr ərik, ya da heyva kompotu da içə bilərsiniz.

Bəzi həkimlər südü də tövsiyə edirlər. Lakin südün də qaz yaratma ehtimalı var. Buna görə də yoxlayıb istifadə etmək lazımdır.  

Bunlarla yanaşı süd artıran bitki çaylarından da istifadə edə bilərsiniz. Balıq yağının da südü artırdığı deyilir.


6. Yatmaq.

Bu, nə qədər mümkün olmasa da, siz fürsət tapdıqca yatmağa çalışın. Uşağınız yatdığı zaman siz də yatın. İlk günlərdə ev işlərini çox görməsəniz də olar. Körpənizin sağlamlığı üçün yaxşı dincəlin ki, südünüz bol olsun. Buna görə də bu vaxtlarda ananın yanında kömək eləyəcək biri mütləq olmalıdır.  


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar